Gəlmişəm yenə səcdənə - sənin dərgahına, sənə ən yaxın ola biləcəyim yerə. Günahlarla, peşmançılıqlarla, dərdlərlə dolu bir vəziyyətdəyəm ... Yenə! Sənə gəlmişəm. Çünki gedəcəyim başqa heç yerim, məni başa düşəcək, mənə çarə olacaq başqa heç kimsəm yoxdur. Yalnız sənsən məni məndən də artıq duyan, məni bütün günahlarımla, ən əyri yollarda belə, ən haqsız, ədalətsiz olduğum anlarımda belə sevən, bir şans daha verən, hər zaman mənim üçün qapısı açıq olan. Hər kəsin üz döndərdiyi, atdığı, hesablaşmadığı zamanlarda hər zaman məni dinlədin, bir an belə üz çevirmədin. Baxmayaraq ki, mən özüm də səni zaman-zaman atdım, unutdum. Çünki arxayın idim, sən həmişə varsan, burdasan, hər zaman mənimləsən, mənim üçün ən yaxşısını edəcəksən. Sənə əl açıb dua etməyim, peşman olmağım, üzr istəməyim həmişə yetib ki, sən məni bağışlayasan, yeni qapılar açasan üzümə. Amma mən yenidən və yenidən, bilməyərəkdən və bilərəkdən nəfsimə uymuşam, günaha batmaqdan çəkinməmişəm, şeytanın kompaniyasından zövq almışam. Sən məni səslədiyin zamanlarda mən özümü karlığa qoyub qulaqlarımı əllərimlə qapamışam. Sübh namazına durmaqdansa yatmaq daha şirindi, özümə müəyyən qadağalar qoymaqdansa, nəfsim daha gözəldi və beləcə ömrüm keçdi. Çünki sənin yolun daha məsuliyyətlidir, çünki qızılgülə çatmaq üçün əvvəlcə onun tikanları ilə hesablaşmalısan. Bu tikanlar isə əslində mənim əsl insan kimi yaşamağım üçün idi. Mənim doğru yaşamağım, kamil insan olmağım, ruhən sənə qovuşmağım üçün mənə qaydalar göndərdin. Mən isə o qaydaları özümə uyğunlaşdırıb guya başa düşmürmüşəm kimi hərəkət elədim. Sən hər zaman məni düşündün, mən də elə hər zaman məni düşündüm.
Mənim özüməməxsus həyat prinsiplərim olub, ey Rəbbim, bilirsən. Heç vaxt yalanı, xəyanəti bağışlamamışam. Birindən üzüm döndüsə, bu birdəfəlik olub. Iki dünya bir ola, bir daha o insanın istiqamətinə belə baxmamışam. Amma bu dəqiqə özüm sənin yanına xəyanət etməkdən gəlirəm... Xəyanəti sənə etdim, şeytanımla. Bu xəyanəti biz tez-tez edirik sənə. Bəlkə də hər gün. Günahın fərqində olmaya-olmaya, elə bəzən olanda da. Yalana nifrət edirəm, amma işim bir balaca çətinə düşən kimi o, mənim ən yaxın dostuma çevrilib, vəziyyətdən çıxardıb. Mən bunlara nifrət edə-edə özüm də bu işlərlə məşğul olmuşam amma başqa birinə bunları heç vaxt bağışlamamışam. Belə keçib hamının ömür boyu hörmət etdiyi vicdanlı birinin həyatı. Amma Allahım, sən necə də böyüksən! Hər an, hər saniyə sənə (əslində elə özüm- özümə) etdiyim xəyanətimdən, danışdığım yalanlarımdan xəbərdar ola- ola yenə də məni bağışlamısan. Çünki məni Sən sevə-sevə yaratdın. Çünki sən bütün xəyanətlərdən, yalanlardan, günahlardan daha üstündəsən. Sən məni onlardan daha çox sevirsən.
Indi yenə boynu bükük sənin dərgahındayam. Günəşin qürubunu seyr edən ötməkdə olan bir gün kimi ümidsizəm. Və artıq növbəti nəfəsimin gəlib-gəlməyəcəyinə böyük şübhələrim var. O da yalnız sənə bəllidir. Bəlkə də sonuncu dəfədir ki, səndən bağışlanmaq üçün yalvarıram. Sonuncu dəfədir ki, illərimin sanki bir neçə saniyə içində keçib getdiyini görəndən sonra fani olduğuna əmin olduğum bu dünyaya baxıram. Mənim sınaq dövrüm imiş demə. Mən amma necə keçirtdim bu sınaq dövrümü?! Onu yalnız sən bilirsən, sən görürsən. Dərdlər başımdan aşır, tək- tənhayam, taqətsizəm, gücsüzəm. Yenə səndən başqa gedəcək heç kimim yoxdur. Deyirlər əsl dost çətin anın, dar günün dostudur. Qətiyyən razı deyiləm. Əsl dost elə hər anın dostudur. Sən hər anımda, hər halımla mənə dost oldun. Amma mən necə də nankor olmuşam! Mən sənə əsl dost ola bilmədim. Yaxşı günlərimdə, həyatım xoş keçəndə səndən uzaqlaşdım. Amma çətin anlarımda sənin yanına qaçdım, səndən bərk yapışdım, bu dünyamı sahmana salmağın üçün yalvardım. Hansı ki, Sən mənə dönə-dönə xəbərdarlıq etmişdin axı ki, o dünyamı bu dünyama satmayım. Amma indi dərk edirəm ki, bunu da mənə görə etmisən. Məni özünə yaxınlaşdırmaq, Sənin yeganə güc- qüvvə sahibi olmağını özümə yenidən və yenidən sübut etməyim üçün bütün çətinliklərim bir vasitə idi. Zamanı tuta bilmədim, zamanında ayıla bilmədim, zamanın övladı oldum. Indi isə artıq zamansız olan bir yerə yola düşürəm. Əllərim bomboşdur indi. Hansı yaxşı əməlimə görə günahlarım silinəcək, ey Rəbbim.... Ümumiyyətlə onlar silinən günahlardırmı.... Kitabımı hansı əlimə verəcəklər.... Mənim həqiqi dünyamda vəziyyətim necə olacaq...? Nə qədər ki, taqətim var, nə qədər ki, əbədiyyətə köçməmişəm, nə qədər ki, son bir şansı daha vermisən Sənə yenə də yalvarıram, Bağışla məni, ey mərhəmətlilərin ən mərhəmətlisi Allahım!
Hiç yorum yok:
Yorum Gönder